Onlar baş barmağını qaldırırdılarsa, məğlub olan qladiator sağ qalırdı. Baş barmağını aşağı saldıqda isə o, qalib gələn qladiator tərəfindən öldürülürdü.
Xalq tribunları. E.ə. 133-cü ildə xalq yığıncağı Qrakx qardaşlarından Tiberinı xalq tribunu seçdi. O, yeni torpaq qanunu təklif etdi. Çünki Romada kəndlilərin bir çoxu torpaqsız idi. Tiberi təklif edirdi ki, varlı romalıların istifadə etdiyi torpaqların ölçüsünə məhdudiyyət qoyulsun. Bu ölçü qanunla müəyyən edilsin. Qalan torpaqlar isə yoxsullara paylansın və həmişəlik onların ixtiyarına verilsin. Bu torpaqların satılıb-alınması qanunla qadağan edilsin. Senat bu təklifi qəbul etmədi. Buna baxmayaraq, Tiberinin çağırdığı xalq yığıncağı torpaq qanununu qəbul etdi. Onun başçılığı altında artıq torpaqlar alınmağa və yoxsullara paylanmağa başlandı.
Tiberinin düşmənləri ona böhtan atıb dedilər ki, guya o, padşah olmaq istəyir. Bu böhtandan istifadə edən senatorlar Tiberini və onun tərəfdarlarını öldürüb Tibr çayına atdılar.