Sonra Makedoniyanı işğal edən romalılar e.ə. 146-cı ildə Yunanıstanı da Romanın əyalətinə çevirdilər. Şəhərlər ələ keçirildikdən sonra qalib sərkərdə qarət üçün onu döyüşçülərin ixtiyarına buraxırdı. Qənimətin bir hissəsi Roma xəzinəsinə verilirdi. Qalib sərkərdə dörd ağ at qoşulmuş arabada zəfər tağının altından keçərək Romaya daxil olurdu. İşğal olunmuş əraziləri canişinlər idarə edirdi.
Romada qulların vəziyyəti. Hərbi əsirlər və işğal olunmuş ərazilərin dinc əhalisi qul edilib satılırdı. Romalılar qulları “danışan əmək alətləri” adlandırırdılar. Ən böyük qul bazarı Egey dənizindəki Delos adasında yerləşirdi.
Romada e.ə. III əsrdən başlayaraq qladiator* döyüşləri keçirilirdi. Çevik və güclü qullara xüsusi məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar. Bayramlarda arenada* qladiatorlar arasında döyüşlər keçirilirdi. Məğlub edilən, lakin sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi.
Romada qullara münasibəti təsvir edin.
* Qladiator — latınca “qladius” sözündən olub, qılınc deməkdir.
* Arena — qumla örtülmüş mərkəzi döyüş meydanı