Xalq tribunlarını seçmək hüququnu qazanmaq plebeylər üçün hansı səbəbdən maraqlı idi?
Romada hər il patrisilərin arasından iki konsul seçilirdi. Konsullar 1 il ərzində Romanı idarə edir, müharibə zamanı isə ordu komandanı olurdular.
Respublika qurulandan sonra da hüquqsuz qalan plebeylər orduda xidmət etməkdən imtina etdilər. Patrisilər plebeylərsiz ordunun zəif olacağını başa düşərək onlara güzəştə getdilər. E.ə. V əsrin əvvəlində plebeylər öz müdafiəçilərini — xalq tribunlarını seçmək hüququ qazandılar. Tribun senatın və konsulun plebeylərə aid göstərişlərini ləğv etmək hüququna malik idi. Bunun üçün onun “veto”* sözünü deməsi kifayət idi. Xalq tribununu öldürmək ən ağır cinayət sayılırdı.
Patrisilərlə plebeylər arasında 200 ildən çox davam edən mübarizədən sonra plebeylər Romanın tamhüquqlu vətəndaşları
oldular. Hər bir Roma vətəndaşı istədiyi vəzifəni tuta bilərdi. Vəzifəyə görə əməkhaqqı verilmədiyi üçün yoxsullar vəzifə tutmaq istəmirdilər.
Bu dövrdə Romanın ordusu legionlardan* təşkil olunmuşdu. Legionun əsas gücü ağırsilahlı piyadalardan ibarət idi. Onlar nizə və qılıncla silahlanır, zirehli paltar geyinirdilər. Süvari qoşun hissələri piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər.
Güclənmiş romalılar Cənubi İtaliyadakı yunan şəhərlərini də tutaraq yarımadanın bütün ərazisinə sahib oldular.
* Veto — latın dilində “qadağan edirəm” deməkdir.
* Legion — qoşun hissəsi