Makedoniya imperiyasında mədəniyyət. İskəndərin yürüşləri Şərq ölkələrinin mədəni həyatında böyük dəyişikliklərə səbəb oldu. Bu ərazilərdə yunan dili və yunan mədəniyyəti geniş yayılmışdı. İşğal etdiyi Şərq ölkələrində onun adını daşıyan çoxsaylı şəhərlər salınmışdı.
Nilin deltasında onun şərəfinə salınmış İskəndəriyyə şəhəri xüsusilə məşhur idi. Şəhərin qarşısındakı Faros adasında hündürlüyü 140 metr olan mayak tikilmişdi. Bu mayak dünyanın 7 möcüzəsindən biri hesab edilirdi.
İskəndəriyyə şəhəri, həm də bazarları ilə məşhur idi: burada Avropa, Asiya və Afrika ölkələrindən gətirilən müxtəlif məhsullar satılırdı. İskəndəriyyədə gözəl saraylar və məşhur musey* var idi. İskəndəriyyə museyində papirus və perqament* üzərində yazılmış 700 min əlyazma saxlanılırdı.
İskəndəriyyə museyində Evklid və Arximed kimi böyük alimlər də işləmişdir.
* Musey - | muzaların məbədi deməkdir; yunan əsatirində elm və incəsənətə himayədarlıq edən ilahələr muza adlanırdılar. |
* Perqament - | yazı yazmaq üçün xüsusi işlənmiş buzov və quzu dərisi |