Xeroneya döyüşü yunan şəhər-dövlətlərinin azadlığına son qoydu. II Filippin 18 yaşlı oğlu İskəndər bu döyüşdə ilk dəfə sərkərdəlik məharətini nümayiş etdirdi.
Makedoniyalı İskəndər və onun Şərqə yürüşü. II Filipp öz dövlətinin ərazilərini genişləndirmək istəyirdi. Yürüş ərəfəsində o, sui-qəsd nəticəsində öldürüldü. Atasının ölümündən sonra İskəndər (e.ə. 336-323) hökmdar elan edildi.
Makedoniya ordusu İskəndərin başçılığı ilə Şərqə hərəkət etdi. Qranik döyüşündə İskəndər Əhəməni ordusunu məğlub etdi. İss döyüşündə İskəndərin ordusu III Daranın muzdlu döyüşçülərini məğlub edərək, Aralıq dənizi sahili ilə Misirə doğru hərəkət etdi. Finikiyanın Tir şəhərində ciddi müqavimətlə rastlaşdı, lakin bu müqaviməti az bir zamanda qıraraq şəhəri ələ keçirdi.
Makedoniyalı İskəndərin yürüşlərini təsvir edin.
Makedoniyalı İskəndər (Aleksandr) 20 yaşında taxta çıxmışdı. 30 yaşına qədər dünyanın ən böyük imperiyasını (Yunanıstandan Misirə və Şimal-qərb Hindistana qədər) yaratmışdı. İmperiya ərazisində xeyli şəhər saldırmışdı. Makedoniyalı İskəndərin (Aleksandrın) adına salınmış şəhərlər Aleksandriya (İskəndəriyyə) adlandırılmışdır. Onun addım atdığı yerlərdə yunan mədəniyyəti yayılmışdır.