Tamaşaçılar təpənin yamacında yer tutub otururdular. Təpənin ətəyində çadır qurulurdu. Çadırda aktyorlar paltarlarını dəyişirdilər. Sonra çadır əvəzinə kiçik bina tikdilər. Tamaşa vaxtı binada dekorasiyalar* asılırdı. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança — orxestra düzəldirdilər.
E.ə. V əsrin sonlarında bütün yunan şəhərlərində tamaşa göstərmək üçün açıq hava teatr salonları tikilmişdi. Qədim yunan əfsanələri əsasında tragediyalar, adətən, qəhrəmanın ölümü ilə nəticələnən dramatik əsərlər yaranmışdı. Esxil, Sofokl ilk tragediya müəllifləri idilər. Afina teatrında Esxilə və Sofokla heykəl qoyulmuşdu.
Gülməli səhnəciklərdən şən və məzəli pyeslər — komediyalar yarandı. Komediya “şən sakinlərin mahnısı” deməkdir.
Yunanıstanda yaranan və bu gün Azərbaycan teatr sənətində işlədilən terminləri müəyyən edə bilərsinizmi?
* Dekorasiya — səhnə bəzəyi