Marafon və Fermopil döyüşləri. Yeni torpaqlar ələ keçirmək istəyən Əhəməni hökmdarı I Dara Yunanıstana hücum etdi.
I Daranın qoşunları Orta Yunanıstanda yerləşən Marafon düzənliyinə çıxdılar. Yunan ordusunun mərkəzində zəif, cinahlarda isə güclü dəstələr yerləşirdi. Əhəməni qoşunu mərkəz üzərinə hücuma keçərkən falanqalar cinahlardan onları əzdi. Əhəməni qoşunu məğlub oldu.
Yunan döyüşçülərindən biri Marafon düzənliyindən Afinaya qədər olan 42 kilometrlik yolu qaçaraq Əhəmənilər üzərindəki qələbə xəbərini xalqa, şəhər əhalisinə çatdırdıqdan sonra ölmüşdü. Marafon qaçışı ilk dəfə Yunanıstanda həmin döyüşçünün şərəfinə yaranmış və sonradan dünya dövlətlərinə yayılmışdır.
I Daranın oğlu Kserks atasının Yunanıstanı işğal etmək niyyətini həyata keçirmək istədi. Sparta hökmdarı Leonidin başçılığı ilə yunan orduları Orta Yunanıstana gedən yolu — Fermopil keçidini ələ keçirdilər.
Kserks Fermopilə yaxınlaşaraq yunanların yanına elçi göndərdi ki, onlar təslim olsunlar. Leonid təslim tələbini rədd etdi. Əhəməni qoşunu iki gün həmlə etdi. Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldular. Əhəmənilər Orta Yunanıstanı tutdular.
Salamin vuruşması. Yunan hərb gəmiləri triyera adlanırdı. Hər bir hərbi gəminin sağ və sol hissəsində üç sıra avarçəkən olurdu. Onlar lazımi anda çevikliklə gəminin istiqamətini dəyişə bilirdilər.