Solon islahatlarının mahiyyətini izah edin.
Sparta dövlətinin yaranması haqqında danışın.
Sparta dövlətinin necə idarə olunduğunu müəyyən edin.
Qanunlar daha çox aristokratların həyatını və əmlakını qoruyurdu. Ən kiçik səhvə görə insanlara ağır cəzalar verilir, təqsirkar ölümə məhkum olunurdu. Ona görə deyilirdi ki, bu qanunlar “mürəkkəblə deyil, qanla yazılmışdır”. Həmin qanunlar aristokrat Drakon tərəfindən tərtib edilmiş və tarixdə də “Drakon qanunları” adı ilə məşhurdur. E.ə. VII əsrdə demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Xalq üsyanından qorxan aristokratlar güzəştə getməyə məcbur oldular.
E.ə. 594-cü ildə aristokrat Solon islahatlar keçirdi. Bu islahatlara əsasən, kəndlilərin borcları ləğv edildi. Borca görə qul edilən afinalılar azad olundu. Afinalıların gələcəkdə də borca görə qul edilməsi qadağan edildi. Bu islahatlar aristokratlarla demos arasındakı gərginliyi zəiflətdi. Orta Yunanıstanın vilayəti olan Attikanın kişi sakinləri Afina vətəndaşı* hüququnu aldılar. Bütün vətəndaşlar Afina xalq yığıncağında iştirak edirdilər.
E.ə. VI əsrdə Afina xalq yığıncağı ordu və donanmaya başçılıq edən strateqlər seçməyə başladı.
Sparta dövləti. Cənubi Yunanıstanın Lakonika vilayətini işğal edən dorilər burada Sparta şəhərinin əsasını qoydular və özlərini spartalılar adlandırdılar.
Dorilər Cənubi Yunanıstanda Messeniya vilayətini də tutdular. İtaət altına alınmış əhalinin bir hissəsini qula çevirdilər. Qulları hilotlar adlandırdılar.
* Vətəndaş — qanunla müəyyən olunmuş hüquqlardan istifadə edən və dövlət qarşısında vəzifələr daşıyan adam