Tərəvəz salatının hazırlanma texnologiyası
Salat bir və ya bir neçə tərəvəz növündən, həmçinin tərəvəzlərin ət, balıq, yumurta və s. ilə birləşməsindən ibarət soyuq yeməkdir. Salat hazırlayarkən çiy, qaynadılmış, marinada qoyulmuş və duzlu tərəvəzlərdən istifadə edilir.
Salatların hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir:
1. Tərəvəzlərin ilkin emalı
2. Tərəvəzlərin doğranması
Salatın tərkibinə daxil olan bütün tərəvəzlər eyniölçülü tikələr şəklində doğranır. Belə olduqda onlar dadlı, salat isə cəlbedici və iştaha açan olur (şəkil 1).
3. Salata xama, mayonez və ya bitki yağı əlavə edilib süfrəyə verilir. Lazım gəldikdə salatın tərkibinə sirkə, bitki yağı, duz, istiot, şəkər, xardal tərkibli hazır qatmalar da əlavə edilir.
4. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatlar ehtiyatla qarışdırılır.
5. Hazır salat xüsusi qablara qoyulur və üstü bəzədilir.
Salatları yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin cəfəri, şüyüd, kərəviz, kahı ilə bəzəmək olar.
Hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Turşu C vitaminini sabitləşdirdiyi üçün xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sous əlavə edilir və qarışdırılır. Rahat olsun deyə, salat iki çəngəl və ya çəngəl və qaşıqla qarışdırılır. Hazırlanmış salat qaba təpə kimi yığılır.
Menyunu düzgün tərtib etmək üçün yadda saxlamaq lazımdır ki, qızardılmış ət və balıq xörəkləri üçün qarnir qaynadılmış tərəvəzlərdən ibarət olur.