|
Ailə büdcəsini necə formalaşdırmaq olar?
|
Ailə büdcəsini formalaşdırmaq üçün büdcə haqqında əsaslı bilgilər əldə etmək lazımdır. Büdcə iki anlayışla xarakterizə edilir:
Gəlir – dövlətdən, idarə və təşkilatdan, sahibkarlıq fəaliyyətindən, hər hansı bir şəxs tərəfindən görülən iş, göstərilən xidmət və hansısa bir fəaliyyət müqabilində alınan əməkhaqqı, maddi dəyər və pul mükafatıdır. Bütün bu alınan vəsaitlər birlikdə ümumi gəliri təşkil edir.
Xərc – hər hansı bir məmulatın və xidmətin alınmasına, saxlanmasına, təşkilinə və təmirinə, qəfil baş vermiş qəza, xəstəlik və s. üçün sərf edilən vəsaitdir.
Təsəvvür edək ki, büdcə bir tərəzidir. Tərəzinin bir gözünə ailənin gəlirini, o biri gözünə isə xərclərindən ibarət çəki daşlarını tədricən elə qoyaq ki, tərəzinin gözləri tam tarazlıq vəziyyətinə gəlsin. Çəki daşları artdıqca çətinlik yaranacaq.
Əgər tərəzi tarazlıq vəziyyətindədirsə, yəni gəlirlər xərclərlə bərabərdirsə, deməli, büdcə tarazlaşdırılıb. Xərclər gəlirləri üstələyirsə, deməli, büdcədə kəsir yaranıb. Əksinə, gəlirlər xərclərdən üstündürsə, deməli, vəsaitin bir qismini yığıma yönəltmək olar (sxem 1).
Ailə büdcəsinin dəqiq tarazlaşdırılması ailə resurslarından səmərəli istifadə etməyə və tələbatların əksəriyyətini ödəməyə imkan verir.
Hər bir ailə öz büdcəsini düzgün bölüşdürməyi bacarmalıdır. Elə bu səbəbdən hər kəs ev mühasibatının əsaslarını bilməlidir. Ailə başçılarından hər biri ev mühasibatçısı hesab edilir.
Azərbaycan vətəndaşlarının ailə büdcəsinin gəlirli hissəsi sxemdə göstərilmiş mənbələr əsasında qurulur (sxem 2).