Xəmirin hazırlanmasında əsas ərzaq undur.
|
Unu necə əldə etmək olar?
|
Un – buğda, qarğıdalı, çovdar və digər dənli bitkilərin üyüdülməsindən əldə edilən məhsuldur. Sadalanan dənli bitkilər insan orqanizmi üçün lazım olan bir çox qidalı maddələrin – karbohidratların, zülalların, yağların, mineralların daşıyıcısıdır.
İstifadə olunan taxıl növündən asılı olaraq un – buğda, çovdar, qarğıdalı ununa ayrılır. Unun keyfiyyəti onun rəngi, ətri və dadı ilə müəyyən edilir.
Bişinti məhsullarının keyfiyyət göstəricisi köpmə, dad və xarici görünüşünə görə müəyyənləşdirilir. Bu göstəricilər isə unun keyfiyyətindən asılıdır. Un quru, yaxşı havalandırılan yerdə saxlanılır.
İstifadədən əvvəl un ilkin emaldan keçir – ələnir. Ələmə nəticəsində undakı təsadüfi qatışıqlar təmizlənir və unun bişirilmə xüsusiyyətləri yaxşılaşır, oksigenlə zənginləşir.
|
Xəmirhazırlama texnologiyası nədən ibarətdir?
|
Xəmir hazırlamaq üçün un təpə şəklində qaba tökülür, içində çökəklik yaradılır. Sonra ona maye əlavə edilir, xəmir bərabər sıxlıq alana qədər qarışdırılır.
Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona qabartma tozu və yaxud maya əlavə edilir. Əksər hallarda yumşaldıcı olaraq turş süddən və yumurta ağından qabartma tozu kimi istifadə olunur.
Duru xəmirdən qida məmulatlarının, məsələn, blinin və oladyanın* hazırlanması üçün mayalı və mayasız xəmirdən istifadə olunur.
Duru xəmirdən hazırlanan blinin tarixi qədimdir. Demək olar ki, bütün xalqların mətbəxində blin mövcuddur: ruslarda “blin” və ya “blinı”, ingilislərdə “pankeyk”, çinlilərdə “çin blini”, fransızlarda nazik krep və s. Blinlər müxtəlif içliklə və ya içliksiz – bal, xama, qatılaşdırılmış süd, mürəbbə və s. ilə yeyilir.