Naqil xətti çox uzun olduqda enerjinin ötürülməsi, ümumiyyətlə, iqtisadi cəhətdən sərfəli olmaya bilər. İtkiləri azaltmaq üçün naqillərin en kəsiyinin sahəsini artırmaq olar. Lakin müqaviməti 100 dəfə azaltdıqda kütləni 100 dəfə çoxaltmaq lazımdır.
Əlvan metalın belə işlənməsinə yol vermək olmaz. Bunun üçün xətlərdə enerji itkisinin seviyəsi başqa yolla – xətdə cərəyan şiddətini azaltmaqla aşağı salınır. Məsələn, cərəyanın 100 dəfə azaldılması naqillərdə ayrılan istiliyi 100 dəfə azaldır, yəni naqillərin 100 dəfə ağırlaşdırılması zamanı alınan nəticə əldə olunur. Bunun üçün iri elektrik stansiyalarında yüksəldici transformatorlar qoyulur. Elektrik enerjisi istifadəçilərə (zavodlar, fabriklər, evlər və s.) çatmazdan əvvəl onun gərginliyi azaldıcı transformatorlarda azaldılır (şəkil 1).
Transformator xətdə gərginliyi neçə dəfə artırırsa, cərəyan şiddətini o qədər azaldır. Bu zaman güc itkisi çox olmur. Respublikamızın bir neçə rayonunun elektrik stansiyası yüksəkgərginlikli ötürücü xətlərlə birləşdirilərək istifadəçilərin qoşulduğu ümumi elektrik şəbəkəsini təşkil edir. Belə birləşmə elektrik sistemi adlanır.
Elektrik sistemi istifadəçilərə onların harada yerləşməsindən asılı olmayaraq, eneıjinin fasiləsiz verilməsini təmin edir.
Elektrik enerjisinin əsas istifadəçisi sənayedir. Sənayenin payına hasil olunan elektrik enerjisinin 70%-i düşür. Eləcə də nəqliyyat elektrik enerjisinin iri istifadəçilərindən biridir. Dəmiryol xətlərinin böyük hissəsi elektrik dartı qüvvəsi hesabına işləyir. Demək olar ki, bütün iri və xırda yaşayış məskənləri istehsalat və məişət tələbatları üçün elektrik enerjisini elektrik stansiyalarından alır. Evlərin işıqlandırılmasında və məişət elektrik cihazlarından istifadə zamanı elektrik enerjisi sərf edilir.
İstifadə olunan elektrik enerjisinin böyük hissəsi hazırda mexaniki enerjiyə çevrilir. Sənayedə, demək olar ki, bütün mexanizmlər elektrik mühərrikləri ilə hərəkətə gətirilir. Onlar olduqca rahat və yığcamdır. Ona görə də istehsalın avtomatlaşdırılmasına imkan yaradılır.
Sənayedə sərf olunan elektrik enerjisinin təxminən üçdə biri texnoloji məqsədlər üçün (elektrik qaynağı, metalların elektriklə qızdırılması və əridilməsi, elektroliz və s.) istifadə edilir.
Müasir sivilizasiya elektrik enerjisinin geniş istifadəsi olmadan təsəvvür edilmir. Çünki elektrik sistemində adicə qəza olarsa, böyük bir şəhərin elektrik enerjisi ilə təminatı pozular, şəhər zülmətə qərq olar.