Artıq 6-cı sinifdəsiniz. Bu il də “Texnologiya” fənni sizə rəngarəng texnologiyalar aləmində bələdçilik edəcək. Dərslik oduncaq və metalların emalı üzrə biliklərinizi artıracaq, tikiş materiallarının tikiş maşınında emal qaydalarını, naxışsalmanı və qida məhsullarının emalı üsullarını öyrənəcəksiniz. Eləcə də mexanikləşdirilmiş əl alətlərinin quruluşu və iş prinsipi ilə tanış olacaqsınız. Siz divara əşyaların bərkidilməsini, üstdənqoyulma və taxma kilidlərin quraşdırılmasını, həmçinin sanitar-texniki avadanlığın təmirini öyrənəcəksiniz. Əldə etdiyiniz bu bacarıqlar həm müstəqil olaraq evdə müxtəlif işləri yerinə yetirməyə yardım edəcək, həm ailədə olan vəsaitin səmərəli istifadə edilməsinə imkan yaradacaq.
Verilmiş ideyadan başlayaraq hazır məmulatın əldə olunmasına qədər bütövlükdə layihənin yaradılması – şagirdlərdə yaddaşı, təfəkkürü, iradəni, inadkarlığı, qarşıya qoyulmuş məqsədə çatmaq bacarığını inkişaf etdirir. Həmçinin onları dəqiqliyə, səliqə-sahmana, zirəkliyə, işgüzarlığa alışdırır, müstəqil “kəşflər” etmək imkanı yaradır.
Dərslik bütövlüklə hər bir mövzuda öyrənilməsi lazım olan nəzəri biliklərin şərhi üzərində qurulmuşdur. Burada müəyyən növ işlərdə yerinə yetirilməsi lazım olan təhlükəsizlik qaydaları verilmişdir. Dərslikdə dərsin materialını möhkəmləndirməyə imkan verən praktik işlər təsvir olunmuş və özünü yoxlamaq üçün suallar tərtib edilmişdir.