|
Metal pəstahlar hansı alətlərlə və necə kəsilir?
|
Sort prokatdan* olan pəstahlar çilingər bıçqısı ilə kəsilir (şəkil 1). Sökülməyən çərçivə (2), bıçqı lövhəsi (4) və dəstək (6) bıçqının əsas detallarıdır.
Bıçqı lövhəsi alət poladından hazırlanmış, uclarında iki deşiyi olan nazik zolaqdır. Lövhənin bir və ya iki kənarında bir tərəfə meyillənmiş dişlər kəsilmişdir. Bıçqı lövhəsi çərçivəyə ştiftlərlə** (7) bərkidilir və dartıcı qulaqlı qayka (1) ilə dartılır. Bərkidilmə zamanı dişlər dəstəyə əks istiqamətdə yönəlməlidir. Bıçqı lövhəsinin gərilməsi nə çox, nə də az olmalıdır, çünki əks halda bu onun sınmasına səbəb ola bilər.
Pəstahı məngənədə möhkəm sıxır və lövhənin sürüşməməsi üçün kəsmə nöqtəsində yeyə ilə xırda mişar yeri açırlar. Kəsmə yeri 10–15 mm məngənənin dodaqlarından kənarda yerləşdirilir.
İş zamanı düzgün iş vəziyyəti almaq və bıçqını hər iki əllə tutmaq lazımdır (şəkil 2). Bıçqının irəli hərəkəti zamanı (işlək gediş) dişlər metalı kəsir, geriyə hərəkəti zamanı (boşuna gediş) isə kəsmir. Buna görə də işlək gediş zamanı bıçqını pəstaha yüngül sıxmaq, boşuna gedişdə isə sıxmadan hərəkət etdirmək lazımdır.