Pəstah verstakın qapağında pazların arasında və ya xüsusi tərtibatda (prizmada) yerləşdirilir (şəkil 1, b).
Səkkizüzlünün tərəfləri nişanlanmış xətlərə qədər rəndə ilə yonulur (şəkil 1, c).
Silindr formasına daha çox yaxınlaşmaq üçün başlıqlarda onaltıüzlü nişanlanır, nişanlama xətləri (2) çəkilir və onaltıüzlünün tərəfləri yonulur (şəkil 1, ç).
Sonrakı emal liflərin eninə, əvvəlcə törpü ilə, sonra isə daha xırdakərtikli yeyələrlə formanı yumrulamaqla edilir (şəkil 1, d).
Silindrik səthin son emalı cilalayıcı sumbata kağızı ilə səthin hamarlanmasıdır. Bu zaman pəstahın bir ucu verstakın sıxacında bərkidilir, digər ucu cilalayıcı sumbata kağızı ilə örtülüb fırladılır. Bəzən də pəstahı cilalayıcı sumbata kağızına büküb sol ələ götürüb, sağ əl ilə isə onu fırladır və fırlanma oxu boyu yeri dəyişdirilir (şəkil 1, e).
Detalın diametri əvvəlcə detalın üzərində kronpərgarla ölçülür (şəkil 2, a), daha sonra xətkeş üzrə hesablanır (şəkil 2, b).
Kvadratşəkilli kiçik tirdən silindrik pəstahın alınması zamanı bütün sadalanan əməliyyatları cədvəl şəklində tərtib edilmiş marşrut xəritəsində əks etdirmək olar. Bu xəritədə hər hansı bir detalın emal ardıcıllığı (marşrutu, yolu) yazılır.
Cədvəl 1-də bel üçün dəstəyin hazırlanmasının marşrut xəritəsi göstərilmişdir.