İş zamanı suqarışdırıcının ortaya çıxan nasazlıqları:
1. Ventil başlıq açıq qaldığı zaman su kran başlığından şpindellə axırsa, (3) qaykanı (şəkil 3) saat əqrəbi istiqamətində möhkəm sıxmaq lazımdır. Əgər bu kömək etməsə, qaykanı tam açıb nazik vintaçanla köhnə kipkəci şpindellə (2) gövdənin (6) arasında olan deşikdən çıxartmaq lazımdır. Sonra şpindelə bir neçə qat yağ hopdurulmuş kətan və ya çətənə lifi dolamaq, qayka ilə (3) kipkəci (4) sıxıb gövdəyə bağlamaq lazımdır. Şpindelin rahat firlanması kran başlığı ilə yoxlanılır. Həmçinin köhnə kipkəci çıxarıb, yenisi ilə əvəz etmək də olar.
2. Ventil bağlıdır, amma krandan su axır və ya onu açdıqda suqarışdırıcı kran uğuldayır və titrəyirsə, ilk növbədə, su təchizatı sisteminə gələn soyuq və isti suyu bağlamaq lazımdır. Sonra suyun tam kəsildiyinə əmin olmaq üçün kran başlığını saat əqrəbi istiqamətində fırladıb, ventil başlığı açırlar. Kran başlığını bağlayan vinti açıb, onu çıxarırlar, daha sonra ventil başlıq (şəkil 3) gövdəsini (6) açar ilə çıxarıb, ara qatını (9) yenisi ilə əvəz edirlər.
Əgər qapaq (8) ara qatla (9) şpindeldən düşürsə, şpindeli gövdədən fırladıb açmaq, qapağı çıxarmaq və zəif çəkic zərbələri ilə şpindelin ucundan deşik yerinə vuraraq deşiyin diametrini azaltmaq, sonra isə döyəcləmə vasitəsilə qapağı şpindelin deşiyinə taxıb kernerlə deşiyi yastılamaq lazımdır.
3. Kran başlığını axıra qədər bağlamaq olmur, su püskürüb axırsa, bu nasazlığı aradan qaldırmaq üçün ventil başlığı dəyişmək lazımdır. Bunun səbəbi şpindeldə (2) və ya gövdədə (6) yivin dağılmasıdır (şəkil 3).
Mənzillərdə su qovşağının təmirini sanitar-texniki işlər üzrə çilingər yerinə yetirir. Bu işlə məşğul olan insan çertyojla işləməyi bacarmalı, çilingər alətlərindən düzgün istifadə etməyin və nasazlığı aradan qaldırmağın yollarını bilməlidir.