Bu furniturlar paltarları düymələmək, asmaq, bağlamaq və bərkitmək üçün istifadə olunur. Tikiş furniturlarını seçərkən parçanın xüsusiyyətlərini, modelini, biçimini və məmulatın növünü nəzərə almaq lazımdır. Bu seçim zamanı məmulatın ölçüsünü, formasını və rəngini unutmaq olmaz.
Tikiş furniturlarının tarixi geyimin yarandığı andan başlayır. Tikiş furniturları olmadan tikiş mümkün deyil: tikiş üçün saplar, geyimi düymələmək və bəzəmək üçün tikiş furniturlarının növləri lazımdır.
İlk furnitur düymə hesab olunur (şəkil 1, a). Qədim insanlar düymələr əvəzinə geyim hissələrini bitki, heyvan sümükləri və çubuqlardan olan mil ucluqlarla birləşdirirdilər.
Düymənin kim tərəfindən icad edildiyi dəqiq məlum deyil: bəziləri yunan və ya romalıların olduğunu, bəziləri düymənin Asiyadan gəldiyini iddia edirlər. Düymələr əsasən fil sümüyündən hazırlanırdı.
Təyinatına görə düymələr növlərə bölünür: palto, yüngül geyim və xüsusi geyim üçün. Düymələr müxtəlif materiallardan hazırlanır: plastikdən, metaldan, ağacdan, sümükdən və s. Düymələr dizaynına görə də fərqlənir: bəzəksiz və bəzəkli (naxışlı, metal və ya dəri örtüklü). Düymələr dəlikli (iki, dörd) və dayaqlı olur (şəkil 2) .Əsasən materialın rənginə və ya bəzəməyə görə seçilir.
Yüngül paltar üçün düymə parçaya sıx, dörd-beş tikişarası ilə tikilir (şəkil 3,a). Üst geyimlərinə düymə “ayaq” buraxılmaqla tikilir (şəkil 3,b). Parçanın qalınlığından asılı olaraq “ayağın” hündürlüyü 0,1–0,4 sm ola bilər.