Demək olar ki, bütün parçalar, xüsusən yumşaq parçalar, yuyulma zamanı yığılır. Yığılma dərəcəsi lifdən və ya liflərin qarışığından, həmçinin parçanın sıxlığından asılıdır. İlk yuyulmadan sonra işin nəticəsindən məyus olmamaq üçün naxıştikmədən əvvəl parçanı buxara vermək lazımdır. Yəni sonrakı yığılmanın qarşısını parçanı buxar və ya isti su ilə emal etməklə almaq olar.
Bunun üçün pambıq və ya kətan parça isti suya, süni parça isə ilıq suya salınır. Sonra parça bir az sıxılır və qurudulur.
Parça nəm vəziyyətdə, əriş saplarının uzunu boyu ütülənir, bir az nəm parça tam soyuyana qədər açıq vəziyyətdə saxlanılır.
Şəkil 5. Parçanın
kənarının uzununa və eninə saplarla düzəldilməsi |
Şəkil 6. Tikiş məmulatı
detalının naxıştikməyə hazırlığı |
Əgər düzbucaqlı məmulata, məsələn, salfetə naxış tikiləcəksə, onda parçanın kənarlarını düzəltmək lazımdır. Bunun üçün kənar əriş və arğac saplarının biri və ya bir neçəsi dartılıb çıxardılır, sonra isə onların izi ilə kəsim aparılır (şəkil 5). Daha sonra parçanın üzərində naxışın yeri nişanlanır və kəsilir.
Əgər bir neçə detaldan ibarət məmulatı bəzəmək lazımdırsa, onda naxıştikməni məmulatın biçilməsindən əvvəl və ya detalların kənarında yerinə yetirmək daha rahat olar. Parçanın üzərində, ülgüboyu kontur və emal payı xətlərini çəkib, daha sonra bu detalın üzərində gələcək naxıştikmənin şəklinin yerini müəyyən etmək olar (şəkil 6).