Muzeylərin meydana gəlməsinin əsas səbəblərindən biri müxtəlif sənət əsərlərinin kolleksiyalarda toplanmasıdır. Qədim yunan məbədlərinə verilən bəxşişlər və Qədim Misir ehramlarındakı dəfn mərasiminə aid əşyalar ilk kolleksiyalar hesab olunur.
Misir ehramına aid kolleksiya
Məşhur İsgəndəriyyə kitabxanası dünyanın ilk muzeylərindən biri sayılır. Burada qədim dövrlərə dair əlyazma və kitab surətlərinin böyük kolleksiyası (Aristotelin kitabxanası, qədim yunan dramaturqları Esxil, Sofokl, Evripidin əsərləri və s.) saxlanılırdı. Tarixi mənbələrə görə, İsgəndəriyyə şəhəri ərəblər tərəfindən zəbt olunduqdan sonra kitabxana yandırılaraq məhv edilmişdi.
Bədii sənət əsərlərinin toplandığı qədim məkanlara misal kimi Qədim Roma məbədlərini, terma (hamam) və qalereyalarını göstərmək olar. Müasir dövrümüzdə həmin termalardan birinin daxilində Roma Milli Muzeyi yerləşir. Burada qədim memarlığa məxsus bənzərsiz kolleksiya toplanaraq nümayiş etdirilir.