Rəssam həyat hadisələrini, onu əhatə edən əşyaları təsvir edərkən yaşadığı dövrün xüsusiyyətlərini də bizə çatdırır. Qədim Misir və Mesopotamiya divar rəngkarlığında hökmdarlara, döyüşçülərə məxsus əşyaların, müxtəlif qab-qacağın, musiqi alətlərinin təsvirini görmək olar.
Qədim yunan sənətkarlarının bu mövzuda yaratdığı əsərlər dövrümüzə gəlib çatmamışdır. Qədim Romanın məşhur divar rəngkarlığında isə ziyafət süfrəsi, meyvə, balıq, quş təsvirlərinə geniş yer verilmişdir.
İnsanın əşyalar aləmini əks etdirən divar rəngkarlığı
Cansız əşyalar və təbiət nemətləri əks olunan təsvirləri sonralar natürmort* adlandırdılar. Natürmort sərbəst janr kimi Qərbi Avropa incəsənətində XIV-XVII əsrlərdə meydana gəlmişdir.
“Natürmort” (fransızca “nature morte”) - cansız təbiət mənasını ifadə etsə də, burada təsvir olunan əşyalar bizi əhatə edən canlı mühitin bir hissəsi hesab olunur. Bu səbəbdən də ingilislər natürmortu “sakit həyat” - “still lif e”, almanlar isə “stilleben” adlandırırlar.
Bizi əhatə edən təbiət varlıqlarını və bütün əşyaları sadə həndəsi cisimlər əsasında qurmaq mümkündür. Müxtəlif dövrlərin rəssamları formadakı çətinlikləri məhz bu üsulla həll edirdilər.