Miniatürün əsas növləri — kitab, portretcilalı* miniatürlərdir.

Bilirsinizmi? Cilalı miniatürün vətəni Çin (miladdan əvvəl II minillik) hesab olunur. Miniatürün bu növü Avropada XV əsrdə məşhurlaşdı. Almaniya, Fransa və İngiltərə yalnız XVII-XVIII əsrlərdə bu sahədə istehsala başladı.

Zəngin və incə ritmik naxışlar, dekorativ süjetli kompozisiya həlli və nəfis rəng çalarları heyrətamiz dekorativliyə malik Azərbaycan miniatürlərinin əsas xüsusiyyətləridir. Miniatürlərdə məqsədli şəkildə perspektiv qanunlarına riayət olunmurdu: fiqur və əşyalar kompozisiyada əlvan naxışları xatırladırdı. Forma və kompozisiyanın sadəliyi və axıcı ritmə tabe olması, rənglərin şərtiliyi, mənzərə motivlərinin azlığı təsvirlərin bədiiliyini daha da artırırdı.

Azərbaycan kitab miniatürü klassik Şərq poeziyasının təsiri altında XIII-XVII əsrlərdə inkişaf etmişdir. Dahi sənətkarlar Nizami, Füzuli, Firdovsi, Sədi, Hafiz, Nəvai və Şərq poeziyasının digər klassiklərinin əsərləri rəssamların tükənməz ilham mənbəyi olmuşdur.

XVI əsrin sonu - XVII əsrin əvvəllərində Təbriz miniatür məktəbinin inkişafında Sadiq bəy Əfşarın yaradıcılığı əhəmiyyətli rol oynamışdır. Onun əsərləri kompozisiyadakı təsviri və dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsinə, rəng çalarlarının zərifliyinə görə fərqlənirdi.


Kitab miniatürü — əlyazma kitablarına əllə çəkilmiş rəngli illüstrasiyalar.
Portret miniatürü — quaş və akvarellə çəkilmiş, cox da böyük olmayan portret rəngkarlığı.
Cilalı miniatür — üzəri parıltılı lakla örtülmüş kiçik təsvirlər. Belə təsvirlərlə qab-qacaq və zərgərlik məmulatlarını bəzəyirdilər.