Ətrafımızdakı rənglər işığın zəif və güclü olmasından asılı olaraq daim dəyişir. Rəngkarlıqda rəngin reallığı bizə canlı obrazlarla çatır və hislərimizə təsir göstərir.
Rəngkarlığın əsasını rəng münasibətləri təşkil edir. Əsərdə rəng düzümü, onun bütün rəng çalarlarının qarşılıqlı əlaqəsi, uyğunluğu kolorit* adlanır. Kolorit - rəngkarlıqda bədii-emosional qüvvəni müəyyənləşdirən vasitədir.
Rəng dairəsində rənglər isti və soyuq rənglərə bölünür. Bu, isti və soyuq rənglərin kontrastıdır və təsviri sənətdə rəngin xassəsini müəyyən etmək üçün zəruridir. Qırmızımtılsarı hissədəki rənglər - isti, göyümtül-mavi hissədəkilər isə soyuq rənglər adlanır (a).
Bəzən bu qayda pozulur: soyuq rəng istiyə və ya əksinə, isti rəng soyuğa çevrilir. Bu, bir rəngin soyuq və ya isti rənglə qarışıq nisbətindən asılıdır (b).