Hər bir həyati situasiyada əldə lazımlı məlumatlar olduqda, düzgün qərar çıxarılır. Hər hansı bir qərar verməzdən əvvəl müəyyən məlumatları toplamaq lazım gəlir. Bu məlumatları müxtəlif yollarla toplamaq olar. Bunun üçün problemli situasiya müəyyən edilməli, məlumatın toplanma üsulları dəqiqləşdirilməli, məlumatın toplanmasına xidmət edən suallar seçilməli, toplanan məlumatın həqiqətə uyğun olub-olmaması müəyyənləşdirilməlidir və s.
Araşdırma 1: İkinci Qarabağ müharibəsinin qələbəsi şərəfinə hər il noyabrın 8-də qeyd edilən “Zəfər
günü” münasibətilə məktəblilər “Zəfər bağı” salmağı planlaşdırdılar. Onlar boş vaxtlarında ağac əkməyi düşünürdülər. Lakin günün yalnız müəyyən hissəsini bu işə sərf edə bilirdilər. Hər bir sahədə düzgün qərar vermək üçün müəyyən informasiyaya malik olmaq vacibdir. Ağacəkmə işinin mümkün olub-olmamasını təyin etmək üçün nələri müəyyən etməlisiniz: 1) Yaşadıqları ərazidə hansı ağaclar daha çox inkişaf edir? 2) Günün hansı vaxtı ağacəkmə üçün əlverişlidir? 3) Ərazinin hansı yerində ağac əkmək üçün münasib yerlər var? 4) Ağacların qiyməti necə olacaq? 5) Ağacəkmə işinin bütün xərclərinə maddi gücümüz çatarmı? Əks halda kimlərdən kömək ala bilərik?
Araşdırma 2: Sərfəli qiymətə keyfiyyətli kompüter almaq istəyirsiniz. Düzgün qərar vermək üçün
müəyyən məlumatlarınız olmalıdır. Bu məlumatlara aşağıdakıları aid etmək olar: Kompüterlər harada satılır? Onların satış qiyməti necədir? Kompüter hansı firmada istehsal olunub? Onun keyfiyyəti necədir? Firma hansı zəmanəti verir? Zəmanət verən firmanın iş keyfiyyəti necədir? və s.
Statistikanın əsas funksiyası informasiyaverici funksiyasıdır. Hər hansı hadisə və proses haqqında məlumatların yığılması, işlənməsi və təqdim edilməsi informasiyaverici funksiyasını ifadə edir.