AB düz xətti üzərində O nöqtəsi qeyd edək. Alınan OA və OB şüaları əks şüalar adlanır (şəkil 1).
Araşdırma 1: | Açıq bucaqdan fərqli hər hansı bucaq götürək. Onun tərəflərindən birini təpədən başlayaraq əks tərəfə düz xətt boyunca uzadıb açıq bucağı tamamlayaq. Bu halda alınmış ∠1 və ∠2 qonşu bucaqlar adlanır (şəkil 2). |
Bir tərəfi ortaq olub, digər tərəfləri isə əks şüalar əmələ gətirən bucaqlara qonşu bucaqlar deyilir. Qonşu bucaqların cəmi 180°-dir. ∠1 + ∠2 = 180°.
Məsələn: ∠1 = 45° olarsa, ∠2 = 180° - 45° = 135° olar.
Araşdırma 2: | Açıq bucaqdan fərqli hər hansı bucağın hər iki tərəfini təpədən başlayaraq əks tərəfə düz xətt boyunca uzadaq (şəkil 3). |
Bu halda alınan ∠1 və ∠3 qarşılıqlı bucaqlar adlanır.
Tərəfləri əks şüalar olan bucaqlara qarşılıqlı bucaqlar deyilir. Qarşılıqlı bucaqlar bərabərdir: ∠1 = ∠3.
Məsələn: ∠1 = 30° olarsa, onda ∠3 = 30° olar.