Müstəvi üzərində verilmiş iki düz xəttin ya bir ortaq nöqtəsi var, ya da heç bir ortaq nöqtəsi yoxdur.
Yalnız bir ortaq nöqtəsi olan düz xətlərə kəsişən düz xətlər, heç bir ortaq nöqtəsi olmayan düz xətlərə paralel düz xətlər deyilir. Paralellik işarəsi: ||; a || b (a paraleldir b)
Düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə yalnız bir paralel düz xətt çəkmək mümkündür. (Özünüz izah edin).
Müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə paralel düz xətti üçbucaq xətkeşin (günyənin) köməyi ilə çəkmək olar:
İki düz xətt kəsişdikdə dörd bucaq əmələ gəlir.
Düz bucaq altında kəsişən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. Əgər ∠AOB = 90° olarsa, ∠BOC = ∠COD = ∠AOD = 90° olar və bu halda AC və BD düz xətlərinə perpendikulyar düz xətlər deyilir. Perpendikulyarlıq işarəsi: ⊥
AC və BD düz xətlərinin perpendikulyarlığı AC ⊥ BD şəklində yazılır. Oxunuşu: AC perpendikulyardır BD.
Müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə yalnız bir perpendikulyar düz xətt çəkmək mümkündür. (Özünüz izah edin).
Müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə perpendikulyar düz xətti üçbucaq xətkeşin köməyi ilə çəkmək olar: