29. 28 MAY - RESPUBLİKA GÜNÜ VƏ MUSİQİ
Vətənimizin tarixi günləri və bayramları sırasında çox böyük əhəmiyyət kəsb edən 28 may Azərbaycan Demokratik Respublikasının yaranma günüdür. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Azərbaycanda Demokratik Respublikanın yaradıldığını bildirdi. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Respublikanı tanıyan ilk ölkə Türkiyə dövləti oldu. Azərbaycan Demokratik Respublikası hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Cənubi Qafqazda müstəqillik əldə etmiş zəngin yeraltı və yerüstü sərvətləri olan bu ölkəni sevməyənlər müstəqilliyimizə qarşı çıxdılar. 1920-ci il aprel ayının 28-də Azərbaycan Respublikası yenidən rus ordusu tərəfindən işğal olundu. 70 il sürən əsarətdən sonra 1991-ci il oktyabr ayının 18-də Vətənimiz yenidən öz müstəqilliyini qazandı. Hər il mayın 28-də ölkəmizdə Respublika Günü böyük bir təntənə ilə qeyd olunur. Azərbaycan bəstəkarları da Respublika Günü münasibətilə çoxsaylı mahnı, kantata, oratoriya, opera və simfonik əsərlər yazıb. Bu əsərlərdən biri də Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım” uvertürasıdır.
Musiqi dinləyək
Şənlən, mənim xalqım
Musiqisi Oqtay Zülfüqarovundur.
Oqtay Zülfüqarovun bu əsərini Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə müqayisə etmək olar. Belə ki musiqinin xarakteri, milliliyi, dramaturgiyası və quruluşu cəhətdən bu iki əsər bir-birinə çox yaxındır.