28. AZƏRBAYCAN XALQ MUSİQİSİ VƏ OPERETTA
Operetta komediya məzmunlu, simfonik orkestrin müşayiəti ilə musiqilirəqs səhnələrindən və danışıq epizodlarından ibarət səhnə əsəridir. XIX əsrin ortalarında Fransada yaranan və sərbəst janr kimi məşhurlaşan bu musiqili səhnə əsərləri əvvəlcə bütün Avropaya, daha sonra Rusiyaya və Amerika Birləşmiş Ştatlarına yayılır.
Azərbaycanda bu janrın yaranması dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Onun “Arşın mal alan” operettası bütün dünyada məşhur bir əsərə çevrildi. Bu operetta sonralar bir sıra xarici ölkələrdə tamaşaya qoyularaq dünya şöhrəti qazandı və respublikamızda bu əsər iki dəfə film şəklində çəkildi. Bəstəkarın yaratdığı “O olmasın, bu olsun” və “Ər və arvad” operettaları da xalq tərəfindən sevilir.
Bunu da bilin
Əsərin dinləyicilər tərəfindən tez qavranılması üçün Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” operettasında xalq mahnılarından və rəqslərindən məharətlə istifadə etmişdir. Məsələn, Məşədi İbadın Gülnaz və qulluqçu Sənəmlə oxuduğu trioda “Hüsnü bağında" adlı xalq mahnısının həm melodiyasından, həm də sözlərindən istifadə etmişdir. Operettadakı hamam səhnəsində səslənən “Hamamın içində” adlı kişi xoru tərəfindən oxunan mahnının musiqisi də Cənubi Azərbaycan aşıqlarına aiddir.