Hər iki musiqinin melodiyası eyni olsa da, ifa tərzləri müxtəlifdir. Əgər tək bir musiqi alətinin ifasında “Tərəkəmə” və “Şalaxo” rəqsləri, sadəcə, bir və ya bir neçə rəqqasın rəqsini müşayiət edirsə, simfonik orkestrin ifasında səslənən bu rəqsdə xüsusi təravət, incəlik, dolğun səslənmə duyulur.
Bunu da bilin
Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri dünya baleti sənətinin qızıl fonduna daxil edilmişdir.
Musiqi dinləyək
Ə.Bədəlbəyli. “Qız qalası” baleti.
“Şalaxo” rəqsindən bir parça
Yeni mahnı öyrənək
AY BƏRİ BAX
(Azərbaycan xalq mahnısı)
I
Pəncərədən daş gəlir,
Ay bəri bax, bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax, bəri bax.
II
Səni mənə versələr,
Ay bəri bax, bəri bax.
Hamıya da xoş gələr,
Ay bəri bax, bəri bax.
Nəqərat:
Bəri bax... ay bəri bax,
Bəri bax... ay bəri bax,
Bəri bax, ay bəri bax, bəri bax...
III
Pəncərənin milləri,
Ay bəri bax, bəri bax.
Açıb qızıl gülləri,
Ay bəri bax, bəri bax.
IV
Oğlanı yoldan eylər,
Ay bəri bax, bəri bax.
Qızın şirin dilləri,
Ay bəri bax, bəri bax...
Nəqərat:
“Ay bəri bax” xalq mahnısından Əfrasiyab Bədəlbəyli “Qız qalası” baletində istifadə etmişdir. “Ay bəri bax” mahnı-rəqs jannndadır.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Balet nədir?
2. “Qız qalası” baleti haqqında nə bilirsiniz?
3. “Mahnılar və onların irihəcmli musiqi əsərlərində rolu ” haqqında danışın.