23. ŞÜŞTƏR MUĞAMI
“Şüştər” əsas Azərbaycan muğam dəsgahlarına aiddir. “Şüştər” bir muğam növü olmaqla, eyni zamanda dünya, kainat mənasını verir. Üzeyir Hacıbəyli “Şüştər” haqqında yazır: “Bədii-ruhi təsir cəhətdən bu muğam dinləyicidə dərin kədər hissi oyadır”. Bu muğamda xalqımızın keşməkeşlərlə dolu həyatı bir anlığa göz önünə gəlir. Onu da əlavə edək ki, “Şüştər”i dinlədikdə insan xəyala dalır, düşünür. Bu muğamın bəzi bölmələri insanda ruh yüksəkliyi də yaradır.
“Şüştər” məqam-lad kimi də Azərbaycanda təşəkkül tapmış yeddi əsas məqam-laddan biridir. Bir çox xalq mahnı və rəqsləri, həmçinin təsnif və rənglər, eləcə də “Ovşarı”, “Heydəri” kimi zərbi-muğamlar məhz “Şüştər” ladına əsaslanır. Hazırda xanəndələr və sazəndələr tərəfindən ifa olunan “Şüştər” daha da cilalanmış və müstəqil muğam dəsgahına çevrilmişdir.
“Şüştər”in ifası bəmdən deyil, səsin orta diapazonundan başlayır və sonra birbaşa zilə keçir. “Şüştər”in ən gözəl ifaçısı mərhum muğam ustadı Seyid Şuşinski olub.
Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov kimi xanəndələrimiz bu muğamı özünəməxsus temperament və incəliklə oxuyurlar. “Şüştər” muğamının instrumental şəkildə konsert ifası da dəb halını almışdır. Bu muğamın kamança və balaban musiqi alətlərində ifası daha geniş yayılmışdır. Bu musiqi alətlərində “Şüştər” olduqca təravətli, yumşaq səslənir, qəlbləri riqqətə gətirir.
“Şüştər” ladının səs sırasını notla oxuyaq
Musiqi dinləyək
“Şüştər” muğamından “Mayeyi-Şüştər”
Kamançada ifa edir Mirnazim Əsədullayev