22. NOVRUZ BAYRAMI VƏ MUSİQİ
Novruz xalqımızın çox sevimli milli bayramıdır. Bəzi qədim inanclara görə kainat dörd ünsürdən - su, od, külək və torpaqdan yaranıb. Xalqımız bu ünsürlərin hər birini simvolizə edən Novruz öncəsi dörd çərşənbəni böyük sevinclə qarşılayır:
Su çərşənbəsi - Günəşin hərarətindən buzlar əriyir, çaylara tökülür. Torpaq isinməyə başlayır. Qızlar bulaq başına çıxır, gətirdiyi sudan həyət-bacaya çiləyirlər.
Od çərşənbəsi - bahara doğru torpaq isindikdə bar vermək, məhsul bitirmək üçün hazırlanır. Tonqallar qalanır, alov torpağı isidir.
Yel çərşənbəsi - yel əsib oyanmış torpağı oxşayır, yaza həsrət budaqlarda tumurcuqlar yumrulanır.
Torpaq çərşənbəsi - su ilə islanmış, günəşlə isinmiş, küləklə canlanmış torpaq əkinə hazırdır. İlk yaz əkini torpaq çərşənbəsi günü başlanır.
Bu çərşənbələrdən sonra el Novruzu qarşılayır. Hər yanda bayram şənlikləri keçirilir, xonçalar bəzədilir. Bayram gecəsi hər bir evdə plov bişirilir. Bütün Novruz hazırlıqları bəstəkar Oqtay Kazımının “Bayram olsun” mahnısında öz əksini tapır.
Musiqi dinləyək
Bayram olsun
Musiqisi Oqtay Kazıminin,
sözləri Ramiz Heydərindir.
“Bayram olsun” mahnısı 6/8 metrik ölçüyə malik olub, xaraktercə oynaq, şəndir. “Bayatı-Şiraz” Azərbaycan klassik muğamı intonasiyalarında səslənən bu mahnı, həm də rəqs xarakterli olduğu üçün onun təranələri altında rəqs edilir. Ona görə “Bayram olsun” mahnısını mahnı-rəqs adlandırmaq olar.