21. MÜXTƏLİF DÖVRLƏRDƏ MAHNILARIMIZDA
QADIN OBRAZLARI
Bütün dövrlərdə Azərbaycan qadını zərif olduğu qədər də ağıllı, qətiyyətli, sədaqətli, bacarıqlı və əməksevər olub. Azərbaycan qadını laylasıyla nəsillərin qanına, canına cəsarət, vətənpərvərlik, səmimiyyət hopdurub. İgid oğullar böyüdüb, onlarla çiyin-çiyinə döyüşə, yaşaya və mübarizə apara biləcək qızlar tərbiyə edib. Yurdumuzun şanlı tarixini vərəqləsək, hər səhifəsində qarşımızda bir təkrarsız qadın surəti canlanar: adına möhtəşəm türbə ucaldılan Möminə Xatun, Sara (Saray) Xatun, Tuti Bikə, Xan qızı Natəvan, xalq dastanlarının əfsanəvi qəhrəmanı Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri və digərləri.
Fikrət Əmirovun Cəfər Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operası bir qadının yeni həyat uğrunda mübarizəsini əks etdirən ilk lirik-psixoloji opera oldu. Elə həmin il əsər Mirzə Fətəli Axundov adına Akademik Opera və Balet Teatrında tamaşaya qoyuldu. Sonralar bu əsər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında ekranlaşdırıldı.
Musiqi dinləyək
“Sevil” operasının II pərdəsindən
“Sevilin etiraz ariyası”
Əldə etdiyi azadlıq nəticəsində Azərbaycan qadını iqtisadiyyatda, səhiyyədə, pedaqogikada, incəsənətdə çox böyük uğurlar qazandı. Şair, bəstəkar və rəssamlarımız əmək qəhrəmanlarının, məşhur qadın alimlərin, həkimlərin, siyasətçilərin obrazlarını öz əsərlərində yaratmağa başladılar.