19. MUSİQİDƏ REAL VƏ QEYRİ-REAL OBRAZLAR
Mixail Qlinka rus milli opera sənətinin yaradıcısıdır. O, “İvan Susanin”, “Ruslan və Lyudmila” adlı operaların, simfonik orkestr üçün “Kamarinskaya”, “Vals-fantaziya”, “Araqon xotası” və s. kimi əsərlərin, mahnı və romansların müəllifidir. Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin yaradıcısı olduğu kimi, Mixail Qlinka da rus musiqisinin atası hesab edilir. Bəstəkar “Ruslan və Lyudmila” operasını dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin eyniadlı poeması əsasında yazmışdır. Operada real obrazlarla bərabər, qeyri-real obrazlar da vardır. Əsərin baş qəhrəmanları real obrazlara, Çernomor və cəngavər baş obrazı isə qeyri-real obrazlara aiddir.
Əsərin qısa məzmunu belədir: Kiyev knyazı Svetozar öz qızı Lyudmilanı cəsarətli cəngavər Ruslana ərə verir. Birdən göy guruldayır, şimşək çaxır, hər yer qaranlığa bürünür. Hər şey bitdikdən sonra yenə səhnə işıqlanır, lakin Lyudmila görünmür. Onu cadugər Çernomor oğurlayıb öz məskəninə aparmışdır. Balaca və uzunsaqqallı Çernomor Lyudmilanın xoşuna gəlmək istəyir. O, bahalı geyimlər geyinib öz nökərləri ilə birlikdə Lyudmilanın yanına gedir. Bu səhnəni bəstəkar çox qəribə bir musiqi ilə təsvir edir.
Musiqi dinləyək
M.Qlinkanın “Ruslan və Lyudmila”
operasından “Çernomorun marşı”
Heç nə Lyudmilanı sevindirmir və o gözləyir ki, Ruslan gəlib onu xilas edəcək. Həqiqətən də, belə olur və Ruslan böyük maneələrdən keçərək Lyudmilanı Çernomorun əlindən xilas edir.