Musiqi dinləyək
N.Rimski-Korsakovun
“Qar qız” operasından “Qar qızın ariyası”
Bildiyimiz kimi, tonqal üstündən tullanmaq bizim Novruz şənliklərinin əsas atributlarından biridir. Eyni hadisənin təsvirini rus bəstəkarı N.Rimski-Korsakov da vermişdir. Onun “Qar qız” operasında gənclər meşədə tonqal qalayıb odun üstündən tullanırlar. Lakin Qar qız bunu edə bilmir, ona görə ki, o, qardan yaranıb və əgər tonqalın üzərindən tullanarsa, əriyib suya çevrilə bilər. Elə bu səbəbdən onun ariyası qəmlidir.
Yeni mahnı öyrənək
TƏBİƏT MAHNISI
Musiqisi Musa Mirzəyevin,
sözləri Gəray Fəzlinindir.
I
Dostlar, salamlayaq açan gündüzü,
Doğma yurdumuzun çıxaq seyrinə.
Birgə qulaq asaq səhər dan üzü
Çayın nəğməsinə, çölün sehrinə.
II
Uzaqda zirvələr verib baş-başa,
Hər bulud örpəyi ağ kəlağayıdır.
Bu Vətən baharla yaranıb qoşa,
Anası Günəşdir, atası Aydır.
III
Biz bilsək qədrini doğma diyarın,
O da ildən-ilə laləzar olar.
Ana təbiətlə dost olanların
Könlündə həmişə ilk bahar olar.
SUAL VƏ TAPŞIRIQLAR:
1. N.Rimski-Korsakovun təbiət mövzusunda olan operasının adı nədir?
2. “Gözəlliklər məskəni” mahnısının ilk ifaçısı kim olmuşdur?
3. N.Rimski-Korsakovun “Qar qız” operasında göstərilmiş hansı adətlər
bizim Novruz adətlərimiz ilə eynidir? Bu haqda danışın.