Azərbaycanın Xalq artisti Şövkət Ələkbərova “Görüş” filmindən “Axşam mahnısı”nı xorun və simfonik orkestrin müşayiəti ilə də oxumuşdur. İndi isə həmin melodiyanı tarın ifasında dinləyək.
Musiqi dinləyək
Tofiq Quliyev. “Axşam mahnısı”
Yeni mahnı öyrənək
AY NƏĞMƏSİ
Musiqisi Ağabacı Rzayevanın,
sözləri Hikmət Ziyanındır.
I
Göylərdə Ay göründü,
Hər yan gündüzə döndü.
İşıqlandı meşə, dağ,
Aya nəğmə oxuyaq.
II
Bir də gördün gəlmişik,
Demə yolun uzaqdır.
Elçi də göndərmişik
Yerdən sənə nə vaxtdır.
Nəqərat:
Ey gözəl Ay, qəşəng Ay,
Günləri say, durma, say!
Bir gün qanad açarıq,
Biz qoynuna uçarıq!
Mahnı vals tempində, 3/4 xanə ölçüsündədir.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Serenada nədir?
2. F.Şubert haqqında nə bilirsiniz?
3. “Görüş” filmindən “Axşam mahnısı”nı dinləyin. Bu mahnını serenada
adlandırmaq olarmı? Mahnının melodiyası gecənin ahəngi ilə necə səsləşir?
Bu haqda danışın.