17. MUSİQİDƏ AXŞAM ƏHVALİ-RUHİYYƏSİ
“Serenada” adlanan musiqi nümunəsi İtaliya və İspaniyada axşamlar ifa edilən məhəbbət mahnılarına deyilir. Adətən, bu cür mahnıların müşayiətçisi gitara ifaçıları olur. Bu janrda klassik Avropa bəstəkarlarının bir çoxu, o cümlədən Avstriya bəstəkarı Frans Şubert də yazmışdır. Şubertin “Serenada”sı çox tez bir zamanda bütün dünyaya yayılmışdır. Sonradan bu əsər müxtəlif alətlər və fortepianonun müşayiəti ilə ifa olunmağa başladı. Xalq artisti, məşhur tarzən Ramiz Quliyev də bu əsəri tarda fortepianonun müşayiəti ilə ifa etmişdir.
Bunu da bilin
Frans Şubert 600-dən artıq mahnının, 9 simfoniyanın, simfonik orkestr üçün uvertüraların, fortepiano üçün 22 sonatanın, 8 ekspromtun müəllifidir.
Musiqi dinləyək və notla oxuyaq
Frans Şubert. “Serenada”
F. Şubertin “Serenada”sı 3/4 xanə ölçüsünə, aramlı tempə, gözəl və yaddaqalan lirik melodiyaya malikdir. Adətən, mahnını zil kişi səsi olan tenorlar ifa edirlər.
Bəzi Azərbaycan bəstəkarlarının da axşam mövzusunda məşhur mahnıları var. Bunlardan biri də Xalq artisti, məşhur bəstəkarımız Tofiq Quliyevin “Görüş” filminə bəstələdiyi “Axşam mahnısı”dır. Filmdə bu mahnını Xalq artisti Şövkət Ələkbərova ifa edir.