20 Yanvar bəşər tarixinə sovet hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı cinayət günü kimi yazıldı. Respublikada 20 Yanvar günü Ümumxalq Hüzn Günü elan edildi. O vaxtdan hər ilin bu günü qeyri- iş günü olur və Azərbaycan vətəndaşları Şəhidlər xiyabanına şəhid məzarlarını ziyarət etməyə gəlir. Ziyarətçiləri 20 Yanvar faciəsini bütün dəhşəti ilə beyinlərə həkk edən qəmli, mübarizəyə səsləyən musiqi nümunələri müşayiət edir. Onlardan biri də məşhur qoboy ifaçısı, Xalq artisti Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamıdır. Bu muğam insanda çox kədərli hisslər yaradır.
Musiqi dinləyək
“Şur” muğamının “Zəminxarə” guşəsi
Yeni mahnı öyrənək
SƏNİ ADIM QORUSUN
(“Ağ atlı oğlan”bədii filmindən)
Musiqisi Oqtay Rəcəbovun,
sözləri Ramiz Rövşənindir.
I
Ağlayanım tapılsa,
Nə var ölməkdən gözəl?!
Nə var şəhid qanına
Batan köynəkdən gözəl?!
Nəqərat:
Gəl ağlama sən belə,
Göz yaşların qurusun.
Mən öldüm, innən belə
Səni dərdim qorusun.
II
Başın üstə quş kimi
Ruhum uçub dolanar.
Bir də sevib-sevilsən,
Adımı ver balana.
Nəqərat:
Gəl ağlama sən belə,
Göz yaşların qurusun.
Mən öldüm, innən belə
Səni dərdim qorusun.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Nə üçün 20 Yanvara həsr olunmuş şeirlər kamança və qoboy alətində,
“Hümayun” və “Zəminxarə” muğamlarının müşayiəti ilə ifa olunur?
2. Azər Dadaşovun “20 Yanvar” simfoniyasının səslənməsində hansı
kollektivlər iştirak edir?
3. “20 Yanvarda dünyasını dəyişən məktəblilər: Larisa və İlqar” mövzusunda
danışın.