9. MUSİQİDƏ MÜBARİZƏ MÖVZUSU
Azərbaycan xalqı tarix boyu Vətənin azadlığı uğrunda mübarizə aparmış və bu mübarizə ideyası bəstəkarlarımızın müxtəlif janrlı əsərlərində və xalq musiqimizdə öz əksini tapmışdır.
Məsələn, dahi Ü.Hacıbəylinin “Koroğlu” operası, C.Cahangirovun “Arazın o tayında” vokal-simfonik poemasında, F.Əlizadənin “İntizar” operasında, V.Adıgözəlovun “Çanaqqala” oratoriyasında, O.Rəcəbovun “Çingiz” simfoniya-rekviyemində və digər əsərlərdə Vətən uğrunda mübarizə mövzusu öz əksini tapmışdır.
Vətən uğrunda mübarizə mövzusuna xalq mahnılarımızda da rast gəlirik. Əfsanəvi xalq qəhrəmanı Koroğlu və onun dəliləri haqqında olan “Dağlar qoynunda”, “Meydan başında”, “Qoç Koroğludur”, “Qırat, gəl” və s. kimi mahnılar məhz bu mübarizəyə həsr olunub.
Qara Qarayevin “İldırımlı yollarla” baletinin mövzusu Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanından götürülmüşdür.
“İldırımlı yollarla” baletində irqi ayrı-seçkilik, müstəmləkəçiliyə qarşı mübarizə musiqi və xoreoqrafiya vasitəsilə öz əksini tapır.
Universiteti bitirmiş qaradərili Lenni öz kəndinə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün qayıdır. Valideynləri və dostları onun gəlişinə sevinir, bu münasibətlə şənlik edirlər. Sevinməyən yalnız ağdərili cənab müstəmləkəçi Gert Vilyerdir. Lenni dərs keçdiyi zaman qonşu kənddən uşaqlar müəllimləri Mako ilə onun yanına gəlirlər. Onlar bir yerdə rəqs etməyə başlayırlar. Bu, Gertin xoşuna gəlmir və ona görə də məktəbi bağlamağı əmr edir.
Qara Qarayevin “İldırımlı yollarla” baleti mübarizəyə çağırışla bitir.