6. MUSİQİDƏ POLİFONİYA
Polifoniya çoxsəslilik deməkdir. Polifonik musiqi janrlarından biri də “Fuqa” adlanır. “Fuqa” latın sözü olub, “qaçmaq”, “yüyürmək” mənasını verir. “Fuqa” xüsusi ciddi qanunlar əsasında yaradılmış çoxsəsli polifonik əsərdir. Bu janrı yüksək zirvələrə qaldıran İohan Sebastyan Bax olmuşdur. Azərbaycan bəstəkarı Qara Qarayev də fuqa yazmışdır. Fuqa sərbəst janr olmaqla bərabər, həm də simfoniya, kantata, oratoriya, rekviyem və s. janrlı əsərlərin tərkib hissəsi də ola bilər.
Musiqi dinləyək
İ.S.Bax. “Orqan üçün
re minor “Tokkata və Fuqa” əsərindən “Fuqa”
Dirijor, bəstəkar Niyazi (1912-1984) ilk musiqi təhsilini Bakı Musiqi Texnikumunda almış, sonradan təhsilini Moskva və Leninqradda (indiki Sankt-Peterburq) davam etdirmişdir.
“Zaqatala simfonik süitası”, “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti kimi məşhur əsərlərin müəllifidir. Bəstəkar “Çitra” baletinə görə “Cavahirləl Nehru” adına beynəlxalq mükafata layiq görülmüşdür. Niyazi “Təbrizim”, “Dağlar qızı”, “Arzu” və “Vətən haqqında mahnı” kimi bir sıra mahnıların və həmçinin “Almaz”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Bəstəkarın “1920-ci ildə” opera-kantatası, simfonik orkestr üçün “Rəqs süitası”, “Qaytağı” əsərləri də dünya mədəniyyəti inciləri sırasına daxil edilmişdir.
Musiqi dinləyək
Niyazi. “Rast” simfonik muğamından II hissə
Bunu da bilin
Qədim şumer memarlığına xas olan 3,5,7 pilləli məbədlər Zikkurat adlanırdı.
Zikkuratın yuxarı qalxdıqca ensizləşən son pilləsində ibadətgah yerləşirdi.
Qədim şumerlər Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün rəsədxana kimi istifadə edirdilər.
Azərbaycan muğamlarının quruluşu da Zikkurata bənzəyir. Belə ki hər yeni hissə o birindən bir pillə yuxarıdır.