3. MUSİQİDƏ MİLLİLİK VƏ ÜMUMBƏŞƏRİLİK
Qara Qarayev (1918-1982) Azərbaycan Dövlət Konservatoriyasını bitirəndən sonra təhsilini Moskva Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Dmitri Şostakoviçin sinfində davam etdirmişdir. Qara Qarayev opera, operetta, balet, simfoniya janrlarında möhtəşəm musiqi əsərləri yaratmışdır. Bəstəkar skripka və fortepiano üçün bir çox əsərlərin və romansların müəllifidir. O, “Dənizi fəth edənlər”, “Onun böyük ürəyi”, “İnsan məskən salır” “Don Kixot”, “Xəzər neftçiləri haqqmda dastan”, “Uzaq sahillərdə” və s. filmlərə musiqi bəstələmişdir.
Polyak bəstəkarı Frederik Şopen (1810-1849) Varşava Ali Musiqi Məktəbini bitirmişdir. Bəstəkar, əsasən, fortepiano aləti üçün müxtəlif janrlı əsərlər: etüdlər, mazurkalar, polonezlər, valslar, konsertlər, prelüdlər, sonatalar və s. yaratmışdır. Varşavada anadan olan F.Şopen Parisdə vəfat etmişdir. Vətənini çox sevən bəstəkarın vəsiyyətinə görə ölümündən sonra onun ürəyi Varşavaya gətirilmişdir.
Musiqi dinləyək
F.Şopen.“Mi minor valsı”, Q.Qarayev.
“Fikirli” fortepiano pyesi
Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsərində olduğu kimi, F.Şopenin də “Mi minor valsı’nda təbiətin gözəllikləri əks etdirilir. Səttar Bəhlulzadə bu gözəllikləri rənglərin, F.Şopen isə notların dili ilə təsvir edir.
Bunu da bilin
Q.Qarayevin “Fikirli”fortepiano pyesi də F.Şopenin “Mi minor valsı” kimi vals tempindədir. Əsərin melodiyası lirik, axıcı və mahnı xarakterlidir, elə bu səbəbdən insanda gözəl hisslər yaradır. Həm F.Şopenin “Mi minor valsı”nda, həm də Q.Qarayevin “Fikirli” fortepiano pyesində xalq musiqisinin koloritlərindən istifadə olunub. Hər iki əsər vals janrındadır. Bu iki əsərin hər biri milli olmaqla bərabər, həm də ümumbəşəridir.