24. ELEKTRON POÇT
İnternetin bu qədər məşhur olduğunun səbəbi yalnız onun külli miqdarda informasiya resursundan ibarət olması ilə bağlı deyil. Məhz ən sürətli ünsiyyət növünün - elektron poçtun (e-poçtun) meydana çıxması İnterneti milyonların sevimlisinə çevirdi. Belə ki, vaxtilə adi poçtla günlərlə öz ünvanına çata bilməyən məktublar indi elektron poçt vasitəsilə bir neçə saniyəyə dünyanın istənilən yerinə çatır.
Ənənəvi poçtla kiməsə məktub göndərmək üçün onun dəqiq ünvanını bilməlisiniz. Elektron poçtda da belədir: elektron poçtun hər bir istifadəçisinin bənzərsiz (unikal) poçt ünvanı olmalıdır; məsələn:
Ünvanın birinci hissəsi (anar.novruzlu) istifadəçinin adını, yəni poçt ünvanının kimə məxsus olduğunu bildirir. Bu adı özünüz seçirsiniz. Ünvanın ikinci hissəsi (box.az) “poçt qutunuzun” harada yerləşdiyini göstərir. Buna domen adı da deyirlər. İstifadəçinin adını domen adından ayırmaq üçün “@” (“quyruqlu a”) simvolundan istifadə olunur. Elektron poçt ünvanı latın hərfləri ilə yazılmalıdır və onun yazılışında boşluq simvolundan istifadə etmək olmaz.
Elektron poçt İnternetin çoxsaylı xidmətlərindən biridir. Hazırda bir sıra saytlar heç bir ödəniş olmadan elektron poçt xidməti göstərir.