İnternetdə inanılmaz dərəcədə çox informasiya var. Orada istənilən mövzuda informasiya tapa bilərsiniz. Bunun üçün xüsusi xidmətlər – axtarış sistemləri nəzərdə tutulub.
Aşağıdakı cədvəldə məşhur axtarış sistemlərindən bəzilərinin siyahısı verilib.
Axtarış sistemi | Ünvanı |
www.google.com | |
Bing | www.bing.com |
Yahoo! | www.yahoo.com |
Rambler | www.rambler.ru |
Yandex | www.yandex.com.tr |
Belə sistemlərdə axtarış aparmaq çox asandır: axtarılan mövzu üzrə açar söz axtarış sahəsinə daxil edilir və uyğun düymə çıqqıldadılır. Ancaq İnternetdə külli miqdarda informasiya olduğundan yalnız bir sözə görə axtarış apardıqda çox zaman yüzlərlə, minlərlə resurs tapılır. Belə hallarda seçim şərtini dəqiqləşdirmək üçün axtarış sətrinə bir neçə sözdən ibarət daha konkret informasiya daxil etmək lazımdır. Məsələn, əgər Savalan dağı ilə bağlı informasiya axtarılırsa, axtarış Savalan, yaxud dağ sözlərinə görə deyil, Savalan dağı söz birləşməsinə görə aparılmalıdır.
Bir neçə sözə görə axtarışın bir özəlliyi var: axtarış nəticəsində bu sözlərin ayrılıqda mətndə harada yerləşməsinin fərqi yoxdur. Ona görə də əgər Savalan dağı sözlərinin yanaşı olduqları resurslara baxmaq lazımdırsa, axtarış şərti “Savalan dağı” şəklində göstərilir. Başqa sözlə, axtarılan söz birləşməsini dırnaq işarələri arasına almaq axtarışı dəqiqləşdirir.
Bəzi axtarış sistemləri verilmiş açar sözlərə görə təkcə mətnləri deyil, qrafika, audio, video faylları da tapıb çıxarır. Məsələn, Google-da axtarış zamanı sizi şəkillər maraqlandırırsa, menyudan Şəkillər bəndini seçmək lazımdır.