İnternetin bir sıra xidmətləri vardır ki, onlardan da ən populyarı WWW (World Wide Web - Dünya hörümçək toru) hesab olunur. Dünya hörümçək toru İnternet resurslarının toplandığı yerdir. Burada hərəkət etmək üçün xüsusi proqram təminatı - veb-brauzer, yaxud, sadəcə,
brauzer (ingiliscə to browse - gözdən keçirmək) lazımdır. Brauzer Dünya hörümçək torundan sənədləri götürmək və onları oxunabilən formatda göstərmək üçün istifadə olunan proqramdır. Brauzerdən istifadə etməklə siz həm mətnlərə, həm də görüntülərə baxa bilərsiniz. Brauzerlərin bir çoxu səs və video informasiyaları da dəstəkləyir.
İnternetdə olan informasiyaların əksəriyyəti hipermətn şəklində olur. Hipermətn, adətən, bir mətndən başqasına keçid bəndlərinin (istinadların) olduğu mətnlər toplusudur.
İnternetdə yerləşdirilmiş hipermətn şəklindəki sənədlər veb-səhifə adlandırılır.
Müəyyən mövzu üzrə bir-biri ilə əlaqədar olan və ümumi bir ünvanda yerləşdirilən veb-səhifələrin toplusuna isə veb-sayt deyilir. Bəzən veb-səhifə və veb-sayt terminləri sinonim kimi işlədilir.
Araşdıraq – öyrənək
Bəziləri İnternetlə World Wide Web-i eyniləşdirir. Əslində isə bunlar ayrı-ayrı anlayışlardır. Bu anlayışlar arasındakı fərqin nədən ibarət olduğunu araşdırın.
Öyrəndiklərinizi yoxlayın
1. Veb-səhifə və veb-saytın fərqi nədədir?
2. Brauzer olmadan İnternet xidmətlərindən istifadə etmək olarmı?
3. Forward və Back düymələrindən hansı halda istifadə olunur?