Siz artıq təqdimatlarla necə işləməyi bilirsiniz. Hazırlanmış hər bir təqdimat, əslində, bir informasiya resursudur. İndi gəlin müəyyən mövzuda hazırladığınız təqdimatın – informasiya resursunun hansı mərhələlərdən keçdiyini yada salaq.
Öncə təqdimatın mövzusunu seçdiniz, başqa sözlə, görəcəyiniz işin məqsədini müəyyənləşdirdiniz: “Yer kürəsi” mövzusunda təqdimat hazırlamaq.
Sonrakı addımda verilmiş mövzuda informasiya topladınız: Yer səthində hansı coğrafi obyektlər var, Yerin daxili quruluşu necədir, dağlar necə əmələ gəlib, ekvator nədir və s. Gərəkli
informasiyanı dərsliklərdən, ensiklopediyalardan, sorğu kitablarından, İnternetdən əldə etmək olar.
Üçüncü mərhələdə topladığınız materialları gözdən keçirdiniz və əlaqəli informasiyaları qruplaşdırdınız: Yerin coğrafi təsviri, Yer səthində coğrafi obyektlər, Yerin daxili quruluşu. Hansı slaydda hansı informasiyaların yerləşəcəyini müəyyən etdiniz.
Növbəti, dördüncü mərhələ uyğun təqdimolunma formasının seçilməsidir. Onda elektron təqdimat formasına üstünlük verilmişdi. Ancaq məqsəddən asılı olaraq başqa formalar da seçilə - kağızda çap edilə, İnternetdə yerləşdirilə bilər.
Nəhayət, beşinci mərhələ hazırlanmış resursun yayılmasıdır - onun başqalarına çatdırılmasıdır. Bunun üçün müəyyən auditoriya qarşısında çıxış etmək, onu çap edib əlaqədar şəxslərə paylamaq, diskə yazıb dostlara vermək, hansısa müsabiqəyə təqdim etmək olar.