Bildiyiniz kimi, kompüter səs informasiyası ilə də işləyir. Kompüterdə səs informasiyası, başqa informasiya növləri kimi, ikilik şəklində kodlaşdırılır. Kompüterdə musiqilər hazırlamaq və onlarla işləmək üçün xüsusi proqramlar – musiqi redaktorları nəzərdə tutulub. Müasir bəstəkarlar öz əsərlərini yaratmaq üçün professional musiqi redaktorlarından istifadə edirlər.
ALPLogo proqramlaşdırma mühiti sadə musiqi redaktoruna malikdir. Musiqi redaktorunun pəncərəsində xarici görünüşündən sintezatora və ya pianoya bənzəyən 3 oktavalı musiqi klaviaturası var. Burada müvafiq notların uzunluğunu seçməklə və onlara uyğun klavişləri çıqqıldatmaqla istədiyiniz melodiyanı yarada bilərsiniz. Bu məqsədlə kompüterin klaviaturasından da istifadə etmək olar.
Bu redaktorda çaldığınız melodiyanı ALPLogo mühitində proqramın icrası zamanı səsləndirmək mümkündür. Bunun üçün musiqini öncə müəyyən adla saxlamaq lazımdır. Saxlanmış melodiyanı – musiqi faylını proqramda istifadə etmək üçün komandanın ümumi şəkli aşağıdakı kimidir:
musiqi N, S
Burada N - musiqi faylının adı, S isə melodiyanın səslənmə sürətidir. Bu sürəti dəyişməklə siz musiqinin səslənmə müddətini şəklin çəkilmə zamanına uyğunlaşdıra bilərsiniz.