ALPLogo mühitində dəyişənləri elan etmək üçün dəyişən açar sözü və həmin sözdən sonra dəyişənin adı yazılır. Hər bir dəyişən ayrıca sətirdə elan olunur.
dəyişən x
dəyişən sum1
dəyişən ulduzun_rengi
Dəyişənlərin adında latın əlifbasının həm baş, həm də kiçik hərflər dən, rəqəmlərdən və alt cizgi ( _ ) simvolundan istifadə etməyə icazə verilir. Dəyişənin adında boşluq simvolu ola bilməz. Birinci simvol mütləq hərf olmalıdır. Dəyişənin adı bir, yaxud bir neçə simvoldan ibarət ola bilər.
Dəyişənə qiymət vermək üçün mənimsətmə işarəsindən (=) istifadə olunur. Mənimsətmə işarəsinin sağında yerləşən ifadə hesablanır və alınan qiymət işarənin solunda duran dəyişənə mənimsədilir. Bu zaman dəyişəndə saxlanılan əvvəlki qiymət silinir və yenisi ilə əvəzlənir.
“ = ” operatorunu bərabərlik kimi başa düşmək olmaz.
Məsələn, a = 5 ifadəsini “a dəyişəninə 5 qiymətini mənimsət” kimi oxumaq lazımdır.
Əvvəlki səhifədə verilmiş nümunəyə qayıdaq. Proqramda üç dəfə 50, üç dəfə 60 ədədi təkrarlanır. İndi, tutaq ki, daha böyük sınıq xətt çəkmək tələb olunur. Bunun üçün biz hər yerdə (6 yerdə) 50 və 60 ədədlərini daha böyük ədədlərlə əvəz etməli olacağıq. Əgər proqramda bu ədədlər daha çox yerdə olsa, onların dəyişdirilməsi xeyli vaxt aparacaq. İndi dəyişəndən istifadə etməklə yuxarıdakı nümunəni belə dəyişdirək: