16. PROQRAMDA DƏYİŞƏNLƏR
Fəaliyyət
Aşağıdakı riyazi ifadələrdə qanunauyğunluğu tapın. Dəyişəndən istifadə etməklə üç ifadəni bir ümumi riyazi ifadə ilə əvəz edin.
15*4+7 15*8+7 15*12+7
Nəticəni müzakirə edək:
Siz ALPLogo proqramlaşdırma mühitində müxtəlif komandalar verməklə iş sahəsində sadə fiqurlar alırdınız. Fikir vermişdinizsə, bəzi komandalarda ədədlər də var idi.
Siz “dəyişən” anlayışı ilə riyaziyyat dərslərindən tanışsınız.
Proqramlaşdırma dillərində də dəyişənlərdən istifadə olunur.
Proqramın icrası zamanı qiyməti dəyişən kəmiyyətlərə dəyişənlər, qiyməti dəyişməyənlərə isə sabitlər, yaxud konstantlar deyilir.
Hər bir dəyişənin adı olur. Bu ad komandaların adı ilə üst-üstə düşməməlidir.
Proqramda istifadə olunan bütün dəyişənlər qabaqcadan elan olunmalıdır. Yəni hansı kəmiyyətlərin dəyişən olması göstərilməlidir.