15. ƏYLƏNCƏLİ MƏSƏLƏLƏR
Biz daim müxtəlif başsındıran məsələlər həll edirik. Hər bir oyun, hər bir idman növü, eləcə də istənilən başqa məşğuliyyət zamanı asan, yaxud çətin məsələlərlə rastlaşırıq. Ancaq əsl
başsındıran məsələnin həlli dərin zehni fəaliyyət, ixtiraçılıq, məntiqi və alqoritmik düşüncə tələb edir.
Aşağıda bir neçə əyləncəli məsələ və onların həlli verilib. Həmin məsələlər və onların həlləri ilə tanış olun.
Məsələ 1.
Ensiz, uzun şəffaf boruda 8 kürəcik var: dörd qara kürəcik solda, azca iri dörd ağ kürəcik isə sağda. Borunun orta hissəsinin divarında çox da böyük olmayan oyuq var. Bu oyuğa yalnız bir (ağ, yaxud qara) kürəcik yerləşir. Borunun sol ucu bağlıdır, sağ ucunda isə deşik var. Həmin deşikdən qara kürəcik keçə bilir, ağ kürəcik isə keçə bilmir. Qara kürəcikləri borudan necə diyirlədib çıxarmaq olar?
Həlli
Aşağıdakı hərəkətlər ardıcıllığını 4 dəfə təkrarlamaq lazımdır:
1. Qara kürəciyin birini diyirlədərək oyuğa salmaq.
2. Qalan kürəcikləri diyirlədib borunun sol tərəfinə keçirtmək.
3. Qara kürəciyi oyuqdan çıxarmaq.
4. Bütün kürəcikləri borunun sağına diyirlətmək.
5. Qara kürəciyi borudan çıxarmaq.