Alqoritmlərin müəyyən hərəkətlər ardıcıllığından ibarət olduğunu bilirsiniz. Bu hərəkətlər yazıldığı ardıcıllıqla yerinə yetirilməyə də bilər. Addımların yerinə yetirilmə ardıcıllığına görə alqoritmlər üç növə ayrılır.
Alqoritmdə hərəkətlər yazıldığı ardıcıllıqla icra olunursa, belə alqoritmə xətti alqoritm deyilir.
Alqoritmdə müəyyən şərtdən asılı olaraq bu və ya digər hərəkətlər ardıcıllığı yerinə yetirilirsə, belə alqoritmə budaqlanan alqoritm deyilir.
Alqoritmlərdə elə hərəkətlər olur ki, onlar təkrar-təkrar icra olunur. Belə hərəkətlər ardıcıllığı dövr adlanır. Daxilində dövr olan alqoritmlərə isə dövri alqoritm deyilir.
Həyatda xətti alqoritmlərə, yəni hər bir hərəkəti qabaqcadan məlum olan alqoritmlərə çox az hallarda rast gəlinir. Çox zaman yaranmış vəziyyətə uyğun olaraq hərəkət edilir. Məsələn, “Vinni Pux qonaqlıqda” alqoritmində onun nə yeyəcəyi müəyyən şərtdən asılıdır. Bu şərt alqoritmdə “əgər ..., onda ..., əks halda ...” ifadəsi ilə göstərilib. Deməli, həmin alqoritm budaqlanan alqoritmdir.
Blok-sxemdə şərti bildirmək üçün romb fiqurundan istifadə olunur. Belə rombun bir girişi və iki çıxışı (budağı) olur. Eyni zamanda alqoritmin bir budağı – ya “hə”, ya da “yox” budağı yerinə yetirilir.
Alqoritmdə budaqlanmanın bu şəklinə onun tam forması deyilir. Bəzən şərtin ödənilmədiyi halın elə bir əhəmiyyəti olmur.