Nəticəni müzakirə edək:
“Alqoritm” anlayışı ilə aşağı siniflərdə tanış olmusunuz. Müəyyən məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığına alqoritm deyilir. İstənilən hərəkətlər ardıcıllığına alqoritm deyilmir, yəni hərəkətlər ardıcıllığının alqoritm adlandırılması üçün müəyyən şərtlər ödənilməlidir.
1. Alqoritmin hər addımı aydın, dəqiq, birmənalı olmalıdır. Başqa sözlə, göstərişləri bütün icraçılar eyni cür anlamalıdır. Buna alqoritmin müəyyənlik xassəsi deyilir.
2. Eyni bir alqoritm ilkin verilənlərin müxtəlif qiymətləri üçün yararlı olmalıdır. Məsələn, yuxarıdakı misalda çörək ağ da ola bilər, qara da. Ərzaq – kolbasa, pendir, yaxud yağ ola bilər. Bu, alqoritmin kütləvilik xassəsidir.
3. Alqoritmin müəyyən addımlarından sonra axtarılan nəticə alınmalıdır. Məsələn, yuxarıdakı misalda göstərişlər yerinə yetirildikdən sonra gözlənilən nəticə – buterbrod alınır. Bunu alqoritmin nəticəlilik xassəsi adlandırılır.
4. Alqoritm daha bir əsas xassəyə malikdir. O icrası çətinlik törətməyən sadə addımlardan ibarət olmalıdır. Alqoritmin bu xassəsinə diskretlik xassəsi deyilir. Alqoritmin kompüterdə icrası üçün bu xassə çox vacibdir.