Sonralar slayd-proyektorlar meydana çıxdı. Son
zamanlar isə onları kompüter təqdimatları əvəz
edib.
Təqdimat ( ingiliscə: presentation) uşaqlıqdan
tanıdığınız slaydlı filmlərə bənzəyir.
Təsadüfi deyil ki, elektron təqdimatın ayrıca səhifəsinə də slayd deyilir. Hər bir təqdimat bir neçə slayddan ibarət olur və hər slayd, adətən, bir məsələ ilə bağlı olur. Slaydda mətn, qrafik elementlər və başqa informasiyalar yerləşdirilə bilər.
Bəs elektron təqdimatları hansı proqramda hazırlamaq daha əlverişli olardı? Təqdimatlar hazırlamaq və onları nümayiş etdirmək üçün xüsusi proqramlar vardır. Bu proqramlar içərisində OpenOffice Impress və Microsoft PowerPoint proqramlarından daha geniş istifadə olunur. Bu proqramlardan birində iş vərdişlərinə yiyələnməklə başqa proqramlarda da asanca işləmək olar.
OpenOffice Impress (və ya Microsoft PowerPoint) təqdimat proqramını başladın. Aşağıdakı pəncərə açılacaq.
Create düyməsini çıqqıldadın. Proqramın baş pəncərəsi açılacaq. Baş pəncərə üç hissədən ibarətdir: Slaydlar paneli (Slides pane), İş sahəsi (Workspace) və Tapşırıqlar paneli (Tasks pane). Bundan başqa, ekranda cürbəcür alətlər zolağı görünə bilər. Slaydlar panelində təqdimatda olan slaydların kiçildilmiş görüntüləri olur. Onların ardıcıllığını dəyişmək də olar. Burada hər hansı slaydı seçdirəndə iş sahəsində həmin slayd açılır. İndi onun üzərində istədiyiniz dəyişiklikləri apara bilərsiniz.